Ermənistan Respublikasının hərbi
təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş,
30 minə yaxın insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış
və şikəst olmuşdur.Bir milyondan artıq insan 15 ildən çoxdur ki,
qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara
qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar
insan haqlarından məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş,
yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi
və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən
artıq olan 150 min yaşayış binası dağıdılmış,4366 sosial mədəni
obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal
edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki
qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan
çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard
ABŞ dollarından artıq ziyan dəymişdir.
Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927
kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloci abidə,
6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş
muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır.
Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan
sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət
əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır.
Şuşadakı tarix muzeyi, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı
Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Bir sözlə, Ermənistan
Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması
haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni
dövriyyəti haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına
pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü
ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan
Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş
Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə
baxmayaraq Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini
davam etdirir.